
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Qanuntv.az xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Mərasim Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin və polis əməkdaşlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
DİN Daxili Qoşunlarının komandanı, general-leytenant Şahin Məmmədov Hərbi İnstitutun inkişafı, tədris bazasının gücləndirilməsi və qarşıda duran vəzifələr barədə məlumat verib.
Nazir Vilayət Eyvazov çıxışında Daxili Qoşunların döyüş hazırlığının artırılması, müasir silah və texnika ilə təminatı, eləcə də şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinin dövlət rəhbərliyinin daim diqqətində olduğunu bildirib.
O qeyd edib ki, göstərilən diqqət və dəstək nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla yerinə yetirmək imkanına malikdir.
Vilayət Eyvazov Hərbi İnstitutun gənc zabitlərin hazırlanmasında mühüm rol oynadığını vurğulayıb, məzunları, onların valideynlərini və yaxınlarını təbrik edib.
Tədbirdə kursant Hüseyn Bilişov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, DİN rəhbərliyinə və institutun zabit-müəllim heyətinə təşəkkür edib.
Sonda Hərbi İnstitutu fərqlənmə ilə bitirən və “baş leytenant” rütbəsi alan məzunlara diplomlar təqdim olunub. Gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.





