
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində yerləşən Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olub.
QanunTV.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyevaya park ərazisində həyata keçiriləcək bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, 1951-ci ildə salınan park uzun illər ərzində Şəki sakinlərinin və şəhərə gələn qonaqların sevimli istirahət məkanlarından biri olub. Hazırda parkda tarixi simanın qorunması və ərazinin müasir tələblərə uyğun yenilənməsi məqsədilə genişmiqyaslı bərpa işlərinin aparılması nəzərdə tutulur.
Qeyd olunub ki, vaxtilə parkın ərazisində fəaliyyət göstərən 1800 nəfərlik “Yay teatrı” şəhərin mədəni həyatında xüsusi yer tutub. Burada müxtəlif illərdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsertlər, tamaşalar və digər tədbirlər təşkil olunub.
1975-1980-ci illərdə “Yay teatrı”nda Azərbaycanın görkəmli estrada və opera sənətçisi Rəşid Behbudovun, Xalq artisti Zeynəb Xanlarovanın, eləcə də dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları keçirilib. 1981-ci ildə isə Nəsibə Zeynalova və Hacıbaba Bağırovun iştirakı ilə teatr tamaşaları nümayiş etdirilib.
Sonrakı illərdə də bu məkanda Əlibaba Məmmədov, Məhəbbət Kazımov, Məmmədbağır Bağırzadə, Mələkxanım Əyyubova, Nisə Qasımova, Səxavət Məmmədov və digər tanınmış sənətçilərin konsert proqramları təşkil olunub.
Parkda aparılan bərpa işləri zamanı Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin büstü də yenilənərək əvvəlki yerinə qaytarılıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi parkın tarixi və mədəni irsini qorumaq, freskaları, yerli heykəltaraşların əsərlərini və “Yay teatrı”nı bərpa edərək bu ərazini yenidən sakinlərin və qonaqların sevimli ailəvi istirahət məkanına çevirməkdir.
Bərpa işlərinin tamamlanmasından sonra Məhəmməd Füzuli adına park Şəkinin mədəni həyatında mühüm məkanlardan biri kimi fəaliyyətini davam etdirəcək.









