
Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində "Arzum9999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyeva barəsində hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən sonra o, məhkəmə zalında həbs olunub.
Bildirilib ki, cinayət işi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı olub. Məhkəmə araşdırması zamanı tərəflərin vəsatətləri dinlənilib, müdafiə tərəfi bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə təqdim olunan sübutları qiymətləndirərək yekun qərarını açıqlayıb.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Baş vermiş qəza nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb.
Mülki iddia isə məhkəmə tərəfindən baxılmamış saxlanılıb.





