
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Dövlət başçısı məktubunda ABŞ-ın müstəqilliyinin elan edilməsinin dünya tarixində mühüm hadisə olduğunu vurğulayaraq, Amerika xalqına sülh, rifah və firavanlıq arzulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, son dövrlərdə Azərbaycan–ABŞ münasibətləri yüksələn xətlə inkişaf edir və iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq əlaqələri qarşılıqlı maraqlar əsasında daha da möhkəmlənir.
Məktubda dövlətlərarası əməkdaşlığın iqtisadiyyat, enerji, təhlükəsizlik və nəqliyyat sahələri ilə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər müasir istiqamətlər üzrə də genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Prezidenti, həmçinin ABŞ rəhbərliyinin Cənubi Qafqazda sülhün təşviqi və dayanıqlı inkişafın təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
İlham Əliyev təbrik məktubunun sonunda Donald Trampa möhkəm cansağlığı, ali dövləti fəaliyyətində uğurlar, ABŞ xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.





