
İyulun 9-da Qusar rayonunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Samur transsərhəd çayının su ehtiyatlarının idarə olunmasına həsr edilmiş Birgə Komissiyanın 29-cu iclası keçirilib.
Görüş Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və Rusiya tərəfdən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə baş tutub.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, eləcə də Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında səmərəli bölüşdürülməsi, su ehtiyatlarının monitorinqinin həyata keçirilməsi, Samur Hidroqovşağının birgə istismarı və bu sahədə əməkdaşlığın digər aktual istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclasın yekununda tərəflər gələcək əməkdaşlıq istiqamətində görüləcək tədbirləri müəyyənləşdirib və müvafiq yekun protokolu imzalayıblar.
Qeyd edək ki, Samur çayı Azərbaycan və Rusiya arasında mühüm transsərhəd su mənbələrindən biri hesab olunur və onun su ehtiyatlarının səmərəli idarə olunması hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.





