
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində, həmçinin "İcra haqqında" Qanunda dəyişiklikləri təsdiqləyib.
Yeni qanuna əsasən, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə qərarlar artıq məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
Dəyişikliklərə əsasən, təqsirləndirilən şəxs olmasalar da, əmlak üzərinə həbs qoyulması ilə bağlı qərardan hüquq və qanuni mənafeləri təsirlənən şəxslər cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil ediləcəklər. Bu şəxslər qanuni mənafeyinə toxunulan şəxs qismində prosesə cəlb olunacaq və onlara apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək hüququ tanınacaq.
Qanunvericiliyə edilən dəyişikliklər əmlak üzərinə həbs qoyulması barədə qərarların artıq mülki məhkəmə icraatı çərçivəsində deyil, birbaşa məhkəmə nəzarəti qaydasında araşdırılmasını nəzərdə tutur.
Mütəxəssislərin fikrincə, bu yenilik məhkəmə proseslərinin daha çevik və operativ həyata keçirilməsinə imkan yaradacaq. Eyni zamanda, gələcəkdə məhkəmə qərarlarının hüquqi qüvvəsi və preyudisial əhəmiyyəti ilə bağlı yarana biləcək mübahisələrin qarşısının alınmasına xidmət edəcək.
Qeyd olunur ki, qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə, məhkəmə-hüquq sistemində şəffaflığın və operativliyin artırılmasına yönəlib.




