
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçın rayonunda "Həkəriçay" su anbarının təməlqoyma mərasimində iştirak edib.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına layihə barədə ətraflı məlumat təqdim edib.
Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Eyni zamanda, saniyədə 8 kubmetr suburaxma qabiliyyətinə malik, uzunluğu təxminən 172 kilometr olan magistral boru kəmərinin inşası nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi nəticəsində Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin keyfiyyətli içməli su ilə təmin olunması mümkün olacaq.
Bununla yanaşı, "Həkəriçay" su anbarından qidalanacaq magistral boru kəməri üzərində ümumi gücü 10,81 MVt olan üç su elektrik stansiyasının tikintisi də planlaşdırılır.
Qeyd edək ki, layihə işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının səmərəli idarə olunmasına, regionların dayanıqlı inkişafına və ölkənin içməli su təminatının daha da yaxşılaşdırılmasına mühüm töhfə verəcək.









