
Hər bir cəmiyyətin gələcəyi uşaqların düzgün tərbiyəsindən, sağlam və vətənpərvər ruhda yetişdirilməsindən başlayır. Bu müqəddəs və məsuliyyətli missiyanı layiqincə yerinə yetirən insanlardan biri də Sumqayıt şəhər 41 saylı körpələr evi-uşaq bağçasının müdiri Rafət Şükürovadır.
Məktəbəqədər təhsil sahəsində peşəkarlığı, yüksək idarəçilik bacarığı və humanist keyfiyyətləri ilə seçilən Rafət Şükürova rəhbərlik etdiyi təhsil ocağında uşaqların hərtərəfli inkişafı üçün nümunəvi şərait formalaşdırıb. Onun fəaliyyətində uşaqlara sevgi, qayğı və diqqət əsas prioritet kimi ön planda dayanır.
Valideynlərin Qanuntv.az-a ünvanladıqları müraciətlərdə qeyd olunur ki, Rafət xanım hər bir uşağa xüsusi həssaslıqla yanaşır, onların təhlükəsizliyi, təlim-tərbiyəsi və mənəvi inkişafı üçün böyük əzmkarlıq nümayiş etdirir. Bağçada hökm sürən sağlam mənəvi mühit, nizam-intizam və qarşılıqlı hörmət münasibətləri də məhz bu peşəkar yanaşmanın nəticəsi kimi dəyərləndirilir.
Rafət Şükürova təkcə bir rəhbər deyil, eyni zamanda gələcəyimiz olan körpələrin sevincini, qayğısını və inkişafını özünün əsas həyat amallarından biri hesab edən fədakar pedaqoqdur. Onun fəaliyyəti məktəbəqədər təhsil müəssisələrinin inkişafına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir.
Belə ziyalı və məsuliyyətli rəhbərlərin əməyi cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilməli, onların təhsil sahəsində göstərdikləri xidmətlər nümunə kimi təqdim olunmalıdır.





