
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.
Qanuntv.az xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Mustafanın Azərbaycana səfərinin iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını daim dəstəklədiyini vurğulayıb.
Məhəmməd Mustafa isə görüşdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib və Mahmud Abbasın Azərbaycana səfərlərini, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırlayıb.
Fələstində hazırda mürəkkəb vəziyyətin hökm sürdüyünü bildirən Baş nazir Məhəmməd Mustafa, dost ölkələrin dəstəyi ilə bu çətinliklərin aradan qaldırılacağına ümid etdiyini deyib. O, Azərbaycanın Fələstinə göstərdiyi siyasi və humanitar dəstəyə, eləcə də Fələstində orta məktəbin tikintisi ilə bağlı təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Görüş zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, həmçinin Fələstinin Azərbaycandakı səfirliyinin xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanması iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilib.
Söhbət əsnasında Azərbaycanın Fələstinə göstərdiyi dəstək bir daha vurğulanıb. Qeyd olunub ki, 2013-cü ildə keçirilən beynəlxalq konfransların nəticəsi olaraq Azərbaycan Fələstinə 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb. Eyni zamanda, ölkəmizin BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə humanitar yardım göstərdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" çərçivəsində 23, ümumilikdə isə 37 fələstinli tələbə Azərbaycanda təhsil alır. Məhəmməd Mustafa bu dəstəyə görə də Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə həmçinin Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





