
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası təsdiq edilib.
Yeni qaydalara əsasən, qiymətləndirmənin məqsədi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyən edilməsi və hakimlik fəaliyyətini davam etdirməyə uyğunluğun qiymətləndirilməsidir.
Qərara görə, ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin fəaliyyəti həmin müddətin sonunda, digər hakimlərin fəaliyyəti isə ən azı hər 5 ildən bir qiymətləndiriləcək. Məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati fəaliyyətinə dair qiymətləndirmə isə onların səlahiyyət müddəti başa çatdıqdan sonra aparılacaq.
Hakimlərin fəaliyyəti peşə bilik və bacarıqları, işgüzar keyfiyyətləri, kommunikasiya bacarıqları, həmçinin etika və intizamlılıq meyarları üzrə qiymətləndiriləcək.
Bununla yanaşı, qərarda yuxarı instansiya məhkəmələri tərəfindən məhkəmə aktlarının ləğv və ya dəyişdirilməsinin hansı hallarda hakimin fəaliyyətinin mənfi qiymətləndirilməsi üçün əsas hesab edilməyəcəyi də ətraflı müəyyən olunub. Bu hallar sırasında qanunvericiliyin və məhkəmə təcrübəsinin dəyişməsi, tərəflərin barışması, ittihamdan imtina, yeni açılmış hallar üzrə yenidən baxılma və digər prosessual əsaslar yer alır.





