
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Müşavirədə paytaxt və Abşeron ərazisində içməli su və kanalizasiya infrastrukturu üzrə mövcud vəziyyət, icra olunan layihələrin gedişi və qarşıda duran əsas vəzifələr geniş müzakirə edilib. Dövlətimizin başçısı çıxışında əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsinin prioritet məsələ olduğunu vurğulayıb.
Tədbirdə Baş nazirin müavini Şahin Mustafayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov Dövlət Proqramı çərçivəsində görülən işlər və planlaşdırılan layihələr barədə Prezident İlham Əliyevə ətraflı məlumat veriblər.
Müşavirə zamanı Bakı və Abşeron yarımadasında su təchizatı sistemlərinin yenidən qurulması, itkilərin azaldılması, tullantı və yağış sularının idarə olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Prezident İlham Əliyev aidiyyəti qurumlara tapşırıqlar verərək layihələrin vaxtında və keyfiyyətlə icra olunmasının təmin edilməsini tələb edib.
Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində Bakı və Abşeron yarımadasında su təchizatı infrastrukturunun etibarlılığı və davamlılığı əhəmiyyətli dərəcədə artırılacaq.







