
Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində mühüm yeniliklərə start verilir. 2026-cı ildə kənd təsərrüfatında mövcud problemlərin aradan qaldırılmasına yönələn 16-dan artıq modulun hazırlanması planlaşdırılır.
QanunTV.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkil etdiyi “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırlanacaq modullar həm bitkiçilik, həm də heyvandarlıq sahəsində mövcud problemlərin operativ və effektiv həllinə xidmət edəcək. Süni intellekt əsaslı bu sistemlər fermerlərə məhsuldarlığın artırılması, xəstəliklərin vaxtında aşkarlanması, su və resurslardan səmərəli istifadə imkanları yaradacaq.
Surxay Novruzov qeyd edib ki, layihənin əsas məqsədi iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirlərini minimuma endirmək və aqrar sahədə dayanıqlı inkişafı təmin etməkdir.
Qeyd edək ki, sözügedən yeniliklər fermerlərin işini asanlaşdırmaqla yanaşı, ölkədə aqrar sektorun rəqəmsallaşmasına və müasir texnologiyaların tətbiqinə mühüm töhfə verəcək.





