
Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhərində yerləşən Memorial Kompleksi ziyarət ediblər.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışını etdiyi kompleks, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
Memorial Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbəsində isə müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zal yerləşir.
Milli Qəhrəmanın ailəsinə ziyarət
Leyla Əliyeva və Alena Əliyeva, həmçinin Gəncədə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini də ziyarət ediblər.
Görüş zamanı qəhrəmanın xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Qeyd edək ki, Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı Ağdam–Xankəndi istiqamətində gedən döyüşlərdə misilsiz igidlik göstərib. O, beş gün mühasirədə təkbaşına qalsa da, erməni işğalçılarına sonadək müqavimət göstərib.












