
Bu gün Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd edilir.
Qanuntv.az xəbər verir ki, bu bayramın təsis olunması Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla və fərmanlarla müəyyən edilib. 2020-ci il 16 mart tarixli fərmana əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv olunaraq onun əsasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Prezidentin Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.
2021-ci il 22 dekabr tarixli fərman Agentliyin Əsasnaməsini və strukturunu təsdiqləyib, 2024-cü il 22 oktyabr fərmanları isə Agentliyin rəsmi emblemi, hərbi qulluqçularının geyim forması və fərqləndirmə nişanlarını müəyyən edib.
2024-cü il sentyabrın 24-də isə Prezident İlham Əliyev hər il martın 16-sı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb.
Bu gün dövlətin strateji obyektlərinin qorunmasında xidmət göstərən əməkdaşlar öz peşələrini təntənəli şəkildə qeyd edir, vəzifələrində göstərdikləri yüksək peşəkarlıq və fədakarlıq vurğulanır.





