
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, görüş İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub. Tərəflər görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan hərbi eskalasiya ətrafında geniş fikir mübadiləsi aparıblar.
Nazirlər regionda gərginliyin artmasının ciddi narahatlıq doğurduğunu vurğulayaraq, vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həllinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə həmçinin İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları məsələsinə toxunulub. Özbəkistan tərəfi bu hadisə ilə bağlı Azərbaycana dəstək və həmrəylik ifadə edib.
Bununla yanaşı, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.





