
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən yayılan məlumata əsasən, başçəkmə Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasını əhatə edib.
Bildirilib ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti, o cümlədən qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş və telefon danışığı hüquqlarının təmin olunması, eləcə də saxlanılan şəxslərlə rəftar məsələləri araşdırılıb. Həmçinin yenidən təşkil edilmiş görüş otaqları və kameralara baxış keçirilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maddələri üzrə ittiham olunan şəxslər fərdi qaydada qəbul edilib.
Qəbul edilən şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət qaydası barədə məlumat verilib.
Sonda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə görüş keçirilərək müəssisədə görülən işlər müzakirə olunub, milli və beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr təqdim edilib.







