
Azərbaycan Prezidentinin Administrasiyası və Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələrindən ibarət heyət Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Mərkəzin koordinatoru Deniz Demir qurumun fəaliyyəti, struktur quruluşu və dezinformasiya ilə mübarizə istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim edib.
Bildirilib ki, Mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət göstərir.
Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud çağırışları, beynəlxalq təcrübəni və effektiv mexanizmləri müzakirə ediblər.
Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı informasiya mühitinin formalaşdırılması və analitik imkanların genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.





