
Azərbaycanın səhiyyə sistemində növbəti kadr dəyişikliyi həyata keçirilib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə qərar artıq rəsmiləşdirilib. Məlumata görə, müvafiq əmr imzalanaraq icraya yönəldilib.
Qeyd edək ki, Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yay aylarında təyin olunmuşdu. Həmin dövrdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesi həyata keçirilmiş və yeni strukturun rəhbərliyi ona həvalə edilmişdi.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ölkə üzrə bütün təcili tibbi yardım briqadalarının fəaliyyətini koordinasiya edən, operativ və strateji əhəmiyyətə malik əsas tibb qurumlarından biridir.
Hazırda Mirələm Cəlalovun vəzifədən azad edilməsindən sonra mərkəzə kimin rəhbərlik edəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Yeni təyinatın yaxın günlərdə elan olunacağı gözlənilir.





