
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın XİN rəhbəri Abbas Əraqçı və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr yerli mediaya məlumat veriblər.
Məlumata görə, telefon danışığı zamanı İran və ABŞ arasında davam edən danışıqlar prosesindəki son inkişaflar müzakirə olunub. Danışıqların digər detalları açıqlanmayıb.
Qeyd edək ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu prosesdə İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirilir.
Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin regiondakı hərbi mövcudluğuna qarşı addımlar ataraq Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Məlumata görə, tərəflər aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də isə Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ nümayəndələri arasında danışıqlar keçirilib.
Saatlarla davam edən görüşlər tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.





