
Azərbaycan və Maldiv adaları arasında qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim bu gündən etibarən qüvvəyə minib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr 2025-ci ildə Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.
Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə daxil olmaq, tranzit keçmək və ya giriş tarixindən etibarən 90 günədək qalmaq üçün viza tələbindən azaddır.
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları 60-dan çox ölkəyə vizasız səfər edə bilirlər.





