
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kolumbiyanın xarici işlər nazirinin müavini Juana Esperanza Castro Santamaria ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı tərəflər arasında səmərəli müzakirələr aparılıb, ölkələr arasında siyasi dialoqun mövcud səviyyəsi ümidverici kimi qiymətləndirilib.
Tərəflər iqtisadi-ticarət, mədəni-humanitar, turizm və insanlararası əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan və Kolumbiya mina problemi ilə üzləşən ölkələr sırasındadır və bu sahədə əməkdaşlıq, həmçinin təcrübə mübadiləsi imkanları da müzakirə edilib.
Hikmət Hacıyev ispan dilinin Azərbaycanda təşviqinə göstərilən dəstəyə görə Kolumbiya tərəfinə təşəkkürünü ifadə edib.





