
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.
Görüş zamanı iqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Leyla Əliyeva Azərbaycanın iqlim gündəliyində yer alan əsas prioritetlər, ekoloji layihələr və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Həmçinin IDEA İctimai Birliyinin ətraf mühitin qorunması, nadir heyvan növlərinin mühafizəsi, yaşıllaşdırma və ekoloji maarifləndirmə istiqamətində reallaşdırdığı layihələr diqqətə çatdırılıb.
Görüşdə Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı məsələlər də müzakirə olunub. Tərəflər bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, problemin səbəblərinin araşdırılması və mümkün həll yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, gənclərin ekoloji təşəbbüslərə cəlb olunması, iqlim dəyişiklikləri ilə bağlı maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, görüş Azərbaycanın qlobal iqlim məsələlərinin həllinə verdiyi töhfələrin və beynəlxalq ekoloji əməkdaşlığa göstərdiyi diqqətin növbəti nümunəsi kimi qiymətləndirilir.






