
Azərbaycanda son illərdə həyata keçirilən sosial dəstək layihələri əhalinin böyük hissəsini əhatə edib, yoxsulluq və işsizliyin azaldılması istiqamətində mühüm nəticələr əldə olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ötən bir neçə il ərzində əhalinin 30 faizindən çoxunu əhatə edən bir sıra sosial dəstək layihələri icra olunub.
"Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir", - deyə Prezident vurğulayıb.
İlham Əliyev bildirib ki, məşğulluq məsələsi gələcəkdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olacaq. Onun sözlərinə görə, əhalinin artması yeni çağırışlar yaradır və bu, daha çox iş yerlərinin açılmasını, sosial və ümumi infrastrukturun genişləndirilməsini zəruri edir.
Prezident əlavə edib ki, işsizliyin aşağı səviyyədə saxlanılması daim diqqət mərkəzində olacaq və bu istiqamətdə tədbirlər davam etdiriləcək.





