
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətində dəyişikliklər həyata keçirilib.
Qanuntv.az xəbər verir ki, əmrlə Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunub. Cəlal Bayramov isə kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, Əhəd Məmmədov 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib. O, 2026-cı ilin fevral ayından son təyinata qədər kollecin direktor vəzifəsini müvəqqəti icra edib.
Yeni təyin olunan tədris işləri üzrə direktor müavini Cəlal Bayramov isə fəaliyyəti dövründə müxtəlif təltiflərə layiq görülüb. O, 2022-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” döş nişanı və fəxri diplomu ilə təltif olunub.
Cəlal Bayramov həmçinin “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Yeni təyinatların Ağcabədi Pedaqoji Kollecində idarəetmənin və tədris prosesinin daha da inkişafına töhfə verəcəyi gözlənilir.





