
Azərbaycan Hava Yolları (AZAL) donanmasını yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə gücləndirib.
Qanuntv.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan AZAL-ın ilk “Airbus A321neo” hava gəmisi 25 iyun 2026-cı il tarixində Almaniyanın Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.
Yeni təyyarənin istifadəyə verilməsi ilə AZAL-ın donanmasında “Airbus A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” modelləri istismar olunacaq.
Bildirilib ki, yeni nəsil “Airbus A321neo” daha yüksək yanacaq səmərəliliyi, geniş salon imkanları və müasir texnologiyaları ilə seçilir. Təyyarə əvvəlki nəsil hava gəmiləri ilə müqayisədə yanacaq sərfiyyatını və karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
191 sərnişin tutumuna malik olan hava gəmisi “Airspace” salon konsepsiyası, yüksək sürətli “Wi-Fi” xidməti və müasir bortdaxili əyləncə sistemi ilə təchiz olunub.
Qeyd edək ki, AZAL uzunmüddətli inkişaf strategiyası çərçivəsində 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. 2026-cı ilin sonunadək aviaşirkətin donanmasına daxil ediləcək yeni təyyarələrin sayının səkkizə çatacağı gözlənilir.





