
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəki şəhərində yerləşən 6 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib.
QanunTV.az xəbər verir ki, səfər zamanı Leyla Əliyeva müəssisədə yaşayan uşaqların iştirakı ilə hazırlanmış bədii proqramı izləyib, uşaqlarla görüşüb. Görüş çərçivəsində uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Məlumata görə, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyət göstərən müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin müasir standartlara uyğun yeni binası istifadəyə verilib.
Hazırda müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayır. Burada uşaqların sosial həyata uyğunlaşması, inkişafı və gələcək həyata hazırlanması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Müəssisədə uşaqların asudə vaxtının səmərəli təşkili, sosial reabilitasiyası və hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Bu cür müəssisələrdə yaradılan şərait uşaqların qayğı ilə əhatə olunmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlam inkişafına mühüm töhfə verir.













