
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda keçirilən "Müştərək qərargahın idarəedilməsi", eləcə də Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında təşkil olunan "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov kursları uğurla başa vuran azərbaycanlı məzunlara diplomlarını təqdim edib.
Mərasim zamanı rəmzi yaş kötüyünə emblemlər vurulub, daha sonra məzunlara sertifikatlar təqdim edilib.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq və qardaşlıq münasibətləri son illərdə daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.










