
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində tədbirin keçirilməsinin əsas məqsədləri barədə fikirlərini bölüşüb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı forumun dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələri üçün mühüm dialoq platforması olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, forumun əsas məqsədi media təmsilçiləri arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, fikir mübadiləsinin aparılması, həmçinin qonaqların Qarabağ və Şuşa ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Dövlət başçısı çıxışında deyib:
"Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından ibarətdir ki, dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər".
Prezident vurğulayıb ki, Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir və forum iştirakçıları da bu dəyişikliklərin şahidi olurlar.





