
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın fəaliyyəti ilə əvvəlki Amerika administrasiyalarının siyasəti arasında ciddi fərqlərin olduğunu bildirib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə beynəlxalq vasitəçilik prosesinə də toxunub.
Prezident qeyd edib ki, işğal dövründə ABŞ administrasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas məqsədi münaqişənin həllindən daha çox onun dondurulmasına yönəlmişdi.
İlham Əliyev bildirib ki, Azərbaycanın ərazilərinin işğaldan azad olunması istiqamətində real addımlar atılmayıb, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının bununla bağlı məlum qətnamələri mövcud idi.
Dövlət başçısı çıxışında deyib:
"Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi".
Prezident İlham Əliyev vurğulayıb ki, hazırkı ABŞ administrasiyasının yanaşması əvvəlki dövrlərlə müqayisədə fərqlənir və beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşır.





