
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra mühüm görüşlər keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, görüşlər çərçivəsində "TikTok" şirkətinin Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət şöbəsinin rəhbəri Dayana Rayan, "LinkedIn" platformasının dövlət sektoru və qeyri-kommersiya təşkilatları üzrə satış rəhbəri (EMEA və LATAM) Şeymus Klensi, həmçinin "Dharana Digital" şirkətinin direktoru, süni intellekt və sosial media üzrə tədqiqatçı Karen Sazerlend ilə fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı Azərbaycanla beynəlxalq rəqəmsal platformalar arasında tərəfdaşlığın inkişaf etdirilməsi, rəqəmsal idarəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi və uşaqların internet mühitində təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni qanunvericilik təşəbbüslərinin tətbiqi məsələləri müzakirə olunub.
Bununla yanaşı, sosial media platformalarının məsuliyyəti, rəqəmsal təhlükəsizlik və süni intellektin müasir informasiya mühitində rolu ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr nəzərdən keçirilib.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu qlobal media nümayəndələri və rəqəmsal platforma təmsilçiləri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma hesab olunur.





