
Azərbaycan–Türkiyə arasında təhsil sahəsində əsas problem açıqlanıb
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq mövcud olsa da, bir sıra problemlər qalmaqdadır.
Qanuntv.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı məlumat verib.
Əli Əsədov bildirib ki, iki ölkə arasında təhsil sahəsində formalaşmış müsbət ənənələr mövcuddur və minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil müəssisələrində təhsil alır. Lakin Azərbaycanın bəzi ali məktəblərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istədikdə çətinliklərlə üzləşirlər.
Baş nazirin sözlərinə görə, bunun əsas səbəbi həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həll olunacağına ümid edir.
Qeyd olunub ki, təhsil sahəsində əməkdaşlıqla bağlı əlavə məruzə etmək üçün elm və təhsil nazirinin müavininə söz veriləcək.





