
Azərbaycan multilateralizmin qətiyyətli tərəfdarıdır və bu yanaşma xüsusilə kiçik və orta ölçülü dövlətlər üçün böyük əhəmiyyət daşıyır.
Qanuntv.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunda “Multilateralizmin böhranı – qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda keçirilən panel müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, multilateralizm dövlətlər arasında bərabərliyi təmin edir və ölkələrə beynəlxalq platformalarda söz demək imkanı yaradır:
“Bu, bizə qlobal və regional qərarların formalaşdırılmasına töhfə verməyə imkan verir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına qoşulduğu zaman bəzi dairələr bu təşkilatın artıq aktuallığını itirdiyini iddia edirdi. Lakin Azərbaycanın 2019–2022-ci illərdəki sədrliyi göstərdi ki, bu platforma əməkdaşlıq və çoxtərəfli dialoq üçün mühüm rol oynayır. Onun sözlərinə görə, xüsusilə COVID-19 pandemiyası dövründə bu əməkdaşlıq öz əhəmiyyətini bir daha nümayiş etdirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan digər beynəlxalq platformalarda da fəal fəaliyyət göstərir. O, xüsusilə COP29 və iqlim diplomatiyasını buna nümunə göstərib. Bildirib ki, Azərbaycanın COP29 sədrliyi karbon bazarı, itki və zərər fondu kimi mühüm məsələlərlə bağlı qərarların qəbuluna töhfə verib.
Regional əməkdaşlıq çərçivəsində isə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini qeyd edən Hacıyev bildirib ki, Azərbaycan bu qurumun institusional inkişafında fəal rol oynayır. O, həmçinin Azərbaycanın yaxın zamanda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulduğunu və bu təşkilatın gələcək inkişafına töhfə verməyi planlaşdırdığını əlavə edib.





