
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ESCAP) 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, müraciət President.az saytına istinadən təqdim olunub.
Müraciətdə qeyd olunub ki, BMT ESCAP dayanıqlı inkişafın təşviqi, regional əlaqələrin gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından BMT-nin ən mühüm regional platformalarından biridir. Azərbaycan bu proseslərə töhfə verməkdən məmnun olduğunu bildirib.
Dövlət başçısı çıxışında qlobal qeyri-müəyyənliklər, artan geosiyasi gərginliklər və münaqişələrin beynəlxalq sülh və təhlükəsizliyə təsirlərinə diqqət çəkib, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi bir daha vurğulayıb.
İlham Əliyev qeyd edib ki, 2021-ci ildən sonra Cənubi Qafqazda mühüm dəyişikliklər baş verib, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib və Ermənistanla sülh prosesinə start verilib. Vaşinqtonda keçirilən zirvə görüşündə əldə olunan razılaşmaların normallaşma prosesində mühüm irəliləyiş olduğu bildirilib.
Müraciətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramı çərçivəsində 80 mindən çox insanın doğma yurdlarına qayıtması, həmçinin mina təhlükəsinin humanitar problem kimi qalması vurğulanıb.
Prezident Azərbaycanın son illərdə iqtisadi inkişafını, yoxsulluq və işsizliyin azalmasını, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizinin regional bağlantılarda artan rolunu diqqətə çatdırıb.
Sonda İlham Əliyev gələn ay keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna dəvət ünvanlayaraq tədbirin əhəmiyyətini qeyd edib və sessiyanın işinə uğurlar arzulayıb.





