
Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar təhsil müəssisələrində tədris prosesinin təşkilində dəyişikliklər ediləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, paytaxtda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində 18–22 may tarixləri tətil elan olunacaq. Bu tətil əvvəlcədən nəzərdə tutulan 1–5 may tarixlərinin əvəzinə tətbiq ediləcək.
Bununla yanaşı, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər ərazilərində yerləşən məktəblərin V–XI siniflərində dərslər 18–22 may tarixlərində distant (məsafədən) formada təşkil olunacaq.
Eyni qərar Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrinə də şamil edilir. Belə ki, həmin tarixlərdə bu təhsil pillələrində də tədris prosesi məsafədən həyata keçiriləcək.
Qeyd edək ki, dəyişikliklər 17–22 may tarixlərində Bakıda keçiriləcək beynəlxalq tədbirlə əlaqədar tətbiq olunur.





