
2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır.
Qanuntv.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qələmə alınan məqalədə yer alıb.
Məqalədə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” proqramı çərçivəsində səkkiz şəhərin Baş planı, üç şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə şəhərsalma əsaslandırması təsdiqlənib.
Qeyd olunub ki, bölgədə müasir infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Belə ki, üç beynəlxalq hava limanı inşa olunub, yüz kilometrlərlə avtomobil və dəmir yolları çəkilib, yüzlərlə körpü, həmçinin onlarla tunel və viaduk tikilib. Bununla yanaşı, elektrik enerjisi, su təchizatı, sosial və humanitar sahələrdə də mühüm layihələr icra edilir.
Samir Nuriyev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri Azərbaycanın müasir şəhərsalma modelinin formalaşdığını göstərir.
Onun sözlərinə görə, bölgədə həyata keçirilən planlı urbanizasiya, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi münaqişədən sonrakı dövrdə beynəlxalq səviyyədə nümunə ola biləcək inkişaf modelini ortaya qoyur.
Məqalədə qeyd edilir ki, hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış sahələrinin çatışmazlığı problemi ilə üzləşdiyi halda, Azərbaycan dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşayış üçün əlverişli mühit yaratmaq bacarığını nümayiş etdirir. Bu yanaşmanın artıq təkcə milli uğur deyil, beynəlxalq miqyasda müqayisə edilə bilən təcrübə kimi qiymətləndirildiyi vurğulanıb.





