
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda açıq müzakirəsində çıxış edib.
Qanuntv.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.
Çıxışında Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüquqa, multilateralizmə və BMT-nin qlobal çağırışların həllində mərkəzi roluna sadiqliyini vurğulayıb.
Nazir artan geosiyasi gərginlik, unilateralizm meylləri və beynəlxalq hüququn pozulması fonunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə ciddi şəkildə əməl olunmasının vacibliyini qeyd edib.
O, həmçinin beynəlxalq hüquqa zidd əməllərə görə hesabatlılığın gücləndirilməsi, ədalətin təmin olunması və münaqişələr nəticəsində köçkün düşmüş insanların təhlükəsiz və könüllü qayıdışının dəstəklənməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışda BMT Təhlükəsizlik Şurasının islahatı və daha effektiv, inklüziv beynəlxalq sistemin yaradılmasının zəruriliyi də vurğulanıb.
Nazir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, COP29 və Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyası kimi beynəlxalq tədbirlərə ev sahibliyini ölkənin qlobal multilateralizmə töhfəsi kimi dəyərləndirib.





