
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “mygov” platformasının inkişafında yeni yanaşmanın tətbiqinə start verilib.
Yeni modelə əsasən, vətəndaşlar artıq yalnız dövlət rəqəmsal xidmətlərinin istifadəçisi deyil, həm də həmin xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edirlər.
Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir və dövlət xidmətlərinin təqdimat modelindən istifadəçi təcrübəsinə əsaslanan dizayn yanaşmasına keçidi hədəfləyir.
İRİA bildirir ki, əsas məqsəd xidmətlərin real istifadəçi ehtiyaclarına uyğun şəkildə davamlı təkmilləşdirilməsidir. Bu istiqamətdə keçirilən görüşlərdə vətəndaş rəyləri ilkin mərhələdən xidmətlərin formalaşdırılmasına inteqrasiya olunur.
İlk görüş aprelin 30-da İRİA-da baş tutub. Görüşdə “mygov” platformasında təqdim olunan etibarnamə xidmətlərindən istifadə etmiş vətəndaşlar iştirak ediblər. Müzakirələr zamanı istifadəçi təcrübəsi, xidmətlərin əlçatanlığı və interfeysin sadələşdirilməsi ilə bağlı təkliflər toplanıb.
Toplanan rəylər əsasında xidmətlərdə addımların azaldılması, interfeysin optimallaşdırılması və istifadə prosesinin daha sadə formada qurulması istiqamətində ilkin qərarlar formalaşdırılıb.
Qeyd edək ki, “mygov” platformasında hazırda nəqliyyat vasitələri üzrə etibarnamə, sərəncam etibarnaməsi və etibarnaməyə xitam kimi rəqəmsal xidmətlər təqdim olunur. Vətəndaşlar həmçinin etibarnamə məlumatlarına platforma üzərindən çıxış əldə edə bilirlər.
Yeni yanaşma rəqəmsal hökumət xidmətlərində vətəndaş iştirakını genişləndirməklə daha çevik və istifadəçiyönümlü sistemin qurulmasına xidmət edir.





