
İlham Əliyev mayın 21-də Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Amina Mohammed ilə görüş keçirib.
Məlumata görə, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı göstərilən dəstəyə görə BMT rəhbərliyinə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, tədbirin uğurla təşkili üçün Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramı vahid komanda kimi fəaliyyət göstərib.
İlham Əliyev vurğulayıb ki, WUF13 iştirakçı sayına görə COP29-dan sonra Azərbaycanda keçirilən ikinci böyük beynəlxalq tədbirdir və forum yüksək səviyyədə təşkil olunub.
Görüş zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlığından bəhs olunub, gələcəkdə də tərəfdaşlığın davam etdiriləcəyi diqqətə çatdırılıb.
Amina Mohammed isə Antonio Guterres-in salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı da öz salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş edib.
BMT rəsmisi WUF13 forumunun uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edib və tədbirdə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirakını xüsusi qeyd edib.
Görüşdə Bakıda tarixi irslə müasir şəhərsalmanın harmoniyasından danışılıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə bölgələri üçün nümunə olduğu bildirilib.
Söhbət zamanı Azərbaycanın yaratdığı ASAN xidmət modelinin BMT tərəfindən mükafatlandırıldığı və bu təcrübənin bir sıra Afrika və Asiya ölkələrində tətbiq olunduğu da vurğulanıb.
Tərəflər Azərbaycan ilə BMT arasında uzun illərdir davam edən uğurlu əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyini qeyd ediblər.










